Sudak yırtıcı şirin su balığıdır. Vətəninin Şərqi Avropa olduğu düşünülür. Dərin sularda yaşamağa üstünlük verirlər. Həmçinin çaylarda, göllərdə və bəzən çayların dənizə axdığı yerlərdə tapılan duzlu dəniz sularında da yaşaya bilərlər. Sudak balığının bədəni olduqca uzundur, ağzında yaxşı inkişaf etmiş sivri köpək dişləri var. Yanaqları ümumiyyətlə çılpaq, yəni pulcuqsuzdur. Bədənin üst və bəzi orta hissələri pulcuqlarla örtülüdür. Bel hissəsi tünd, yan hissələri isə boz-gümüşü rəngdədir. Sudak balığının orta uzunluğu 40 – 55 sm, maksimum uzunluğu isə 125 sm-dir. Orta çəkisi 1-2.5 kq, maksimum çəkisi 15 kilqramdır. Sudak balıqları iqtisadi dəyəri yüksək olan balıqlardır. Əsasən təzə, dondurulmuş, duzlanmış, konservləşdirilmiş və hisə verilmiş halda istehlak olunur.
