Kefal balığı dənizdə yaşayan balıqlardandır. Xəzər dənizində 2 növü yaşayır – qızılı kefal (singil) və sivriburun kefal. Hər iki növ 1930-cu illərdə Qara dənizdən gətirilərək Xəzərə buraxılmışdır. Xəzər dənizinin iqlim və qida şəraiti həddindən artıq əlverişli olduğu üçün kefallar qısa müddətdə yeni şəraitə uyğunlaşaraq Xəzərin hər yerində geniş yayılmışlar. Bu tədbirdə məqsəd Xəzərin ixtiofaunasının növ tərkibini dəniz balıqları hesabına zənginləşdirilməsi olmuşdur. Vətəgə əhəmiyyəti olan bu balıqlar Xəzərdə çoxalaraq, əsas ov obyektinə çevrilmişlər. Kefal balığı iri başlı, gümüşü rəngli, orta ölçülü, pullu, ağ ətli və yağsız bir balıq növüdür. Uzunluğu növlərə görə 25-90 sm arasında dəyişir. Orta uzunluğu cinsə görə 25 sm ilə 90 sm arasındadır. Orta ömürü 15 ildir. Kefal balığı duzlu, daha az duzlu və şirin sularda yaşaya bilən çox mühitli balıqdır. İstilik, oksigen və duzluluq kimi bioloji faktorlara geniş şəkildə davamlıdırlar. İyun-sentyabr aylarında çoxalırlar və hər dəfə 3.5-7 milyon arasında yumurta qoyurlar. Əsasən təzə, dondurulmuş və hisə verilmiş halda emal olunur.
